Karpal Tunel Sindromu və onun müalicəsi

Karpal Tunel Sindromu və onun müalicəsi

Karpal tunel sindromu median sinirin eyniadlı kanalda sıxışması nəticəsində yaranan bir patalogiyadır.

Karpal tunel sindromu nədir?

Karpal tunel sindromu median sinirin eyniadlı kanalda sıxışması nəticəsində yaranan bir patalogiyadır. Əvvəlcə karpal tunelin anatomiyası ilə tanış olaq. Bu tunel və ya kanal çiyin qurşağının altından qollar boyunca biləyə doğru uzanan bir çuxurdur ki, bu kanalın da tərkibini median sinir və 9 flexor əzələ vətərləri təşkil etməkdədir. Median sinir kanalın yuxarı hissəsində biləyin köndələn bağının altından keçir. O, baş barmaq, göstərici, orta barmağın tam, 4-cü barmağın içəri hissəsinin bayır yarısının innervasiyasını təmin edir. Median sinirdən baş barmaq əzələlərini innervasiya edən sinir şaxələri xaric olur ki, bu şaxələr də baş barmağın hərəkət və hissi funksiyasını eləcə də onun digər barmaqlara toxunmasını təmin edir. Bizim barmaqlarla etdiyimiz incə hərəkətlər məhz onun sayəsində baş verir.

Karpal tunel sindromu necə yaranır?

Karpal tunel sindromunun yaranma səbəblərinə baxsaq, görərik ki, kanalın daralmasını kanal daxilində təzyiqin artmasına səbəb olan istənilən amil bunu yarada bilər.

  • Şəkərli diabet zamanı yaranan neyropatiyalar fonunda;
  • Hipotireozlarda;
  • Artritlər;
  • Sinovial qatın iltihabi, zədələnməsi zamanı;
  • Hamiləlik zamanı yaranan ödemlərdə;
  • Piylənmələrdə;
  • Əl-bilək yaralanmaları zamanı, bilək sınığında qırıntının kanala daxil olması, əzələ vətərlərinin anormal vəziyyət alması nəticəsində və s.

Bundan başqa 40-60 yaş arası qadınlar yüksək risk qrupuna daxildirlər. Daha sonra işlə bağlı saatlarla bilgisayar arxasında klaviatura ilə çalışanlar, avtomobil sürənlər, tennis oynayanlar və s. əl biləyini təkrar hərəkətlərlə işlədənlər arasında da bu sindroma rast gəlinir. Bütün bunların nəticəsində kanal ətrafında yaranan ödem və şişkinlik kanalın daralmasına, onun daxilində təzyiqin artmasına səbəb olur. Nəticədə kanal genişlənə bilmir, sinir sıxılır və sinirin xarici qabıq qatında qan axını zəifləyir və işemiya yaranır. Proses davam edərsə, işemiya daxili qata keçir. Zədələnmiş sinir hüceyrəsinin yerində fibroblast deyilən birləşdirici toxuma hüceyrələri əmələ gəlir. Bu da özünü ağrı və uyuşma ilə göstərir. Əgər mane aradan qalxarsa və kanal daxilində təzyiq bərpa olunarsa, sinirin sıxılması da aradan qalxar və nəticədə şikayətlər də olmaz.

Karpal tunel sindromunun əlamətləri hansılardır?

Şikayətlərdən başlanğıc hallarda həmin əldə gücsüzlük, tez yorulma, əsasən ilk 3 barmaqda qarışqa gəzmə hissiyatı, ağrı və uyuşmanın olması, hətta bu hissiyyatların qollara da yayılması aid oluna bilər. Daha sonralar xəstələri narahat edən amillərdən biri də gecələri xəstəni yuxudan oyandıracaq qədər şiddətli ağrı və keyləşmədir ki, hansı ki bu zaman xəstə əllərini sallamağa başlayır və əllərini hərəkət etdirdiyində ağrı azalır və uyuşma keçir. İrəliləmiş hallarda baş barmağın hərəkətləri  zəifləyir və onun digər barmaqlara toxunmasında çətinliklər yaranır. Gecikmiş hallarda barmaqlarda hissiyatın azalması ilə ağrı da azaldığından xəstə əlini yandıra və ya kəsə də bilər.

Diaqnostika necə həyata keçirilir?

Karpal tunel sindromunun diaqnozu əsasən ilk növbədə xəstənin şikayətlərinə, daha sonra xəstəliyin klinikasına görə baxış zamanı dinanometr vasitəsilə əldə olan gücsüzlüyə və Elektroneyromioqrafiya etməklə sinir içərisində zəifləmiş elektrik siqnallarına əsasən qoyulur. Xəstə əsasən kiçik barmaqdan başqa digər barmaqlarda olan uyuşma, ağrı və hərəkət çətinliyindən şikayətlənir.

Karpal tunel sindromunun müalicəsi

Müasir müalicə tibbin və cərrahiyyənin sürətli inkişafı sayəsində xəstələrin daha tez sağalmasına kömək edir.

  • Medikamentoz müalicə – iltihabəleyhinə ödemi aradan qaldırmaqla kanal daxilində təzyiqin azalmasına kömək edən preparatlar (aspirin, ibufren) effekti qısa çəkir. Daha sonra yüksək dozada verilən B6 nəticədə qismən yaxşılaşma olur. Hal-hazırda daha çox steroid inyeksiyasından istifadə olunur ki, bununla da daha yüksək effekt alınır. Bu zaman steroid kanal daxilinə inyeksiya edilir, nəticədə ödem aradan qalxır, sinir keçiriciliyi bərpa olunur. 1-2 həftə ərzində effekt yaranır, lazım olarsa prosedur yenidən təkrarlanır. Steroid inyeksiyası həm də diaqnozu düzgün qoymağa imkan verir ki, əgər inyeksiyadan sonra yüngülləşmə yaranmazsa, bu zaman başqa bir xəstəlikdən şübhələnmək olar.
  • Cərrahi yolla – birinci metod açıq üsulla yerli anestetiklə keyləşdirilir və kəsik aparılaraq karpal kanala baxılır ve neyrolizis vurularaq sinir keçiriciliyi bərpa olunur. İkinci metod isə endoskopik yolla icra edilir.
  • Fizioterapiya – elektroforez, fonoforez, parafin, maqnit lazer, masaj və s. Yollardan istifadə olunur.